Azərbaycan Memarlıq və İnşaat Universiteti
01.03.2026
VI Karyera Sərgisi
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi universitetin əməkdaşlıq etdiyi, eyni zamanda qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub.
Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etməkdən ibarət olub.
Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə artıq ənənəvi xarakter alan bu sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. O qeyd edib ki, bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının real tələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşa ünsiyyət imkanı qazanırlar.